BAKI, 24 mart. TELEQRAF

Azərbaycan milli komandasının 2026-cı il dünya çempionatının seçmə qrup mərhələsindəki son rəqibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu, Fransa yığmasıdır.

Didye Deşamın baş məşqçi olduğu kollektiv Xorvatiyanı iki oyunun yekununda üstələməyi bacarıb. Fransızlar ilk matçda 0:2 hesabı ilə məğlub olsalar da, evdə eyni hesabla qələbə qazanıblar. Ümumi hesabda bərabərlik qeydə alındığı üçün komandalar əlavə edilmiş hissələri oynamalı olub. Burada da qalib müəyyənləşmədiyi üçün qarşılaşmada penaltilər seriyasına ehtiyac yaranıb. Fransa yığması penaltilərdə daha dəqiq olduğu üçün mərhələ adlayıb - 5:4.

Beləliklə, Azərbaycan millisi D qrupunda Fransa, Ukrayna və İslandiyaya qarşı mübarizə aparacaq. Qrup oyunları bu il sentyabr - noyabrda olacaq.

Xorvatiya isə L qrupunda Monteneqro, Farer adaları və Cəbəllütariqlə birlikdə yer alıb.