BAKI. 21 fevral. TELEQRAF

“Son 10 dəqiqəyə nəzər yetirin: Meydanda hansı qərarlar verildi? Özünüz də görəcəksiniz ki, bizim penalti 100 faiz idi, vermədilər”.

Teleqraf xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavafov səfərdə “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.

37 yaşlı mütəxəssis məğlubiyyəti belə şərh edib: "Neftçi"ni qələbə münasibətilə təbrik edir, onlara uğurlar arzulayıram. Oyundan çox danışmaq istəmirəm. Gedişatı özünüz də gördünüz. İnanıram ki, düzgün və ədalətli məqalələr yazılacaq. Təhlil etsəniz, daha yaxşı olar. Həm hakimlərlə, həm oyunla bağlı... Başqa söz deməyə ehtiyac yoxdur. Gördüyüm var. İndi gördüklərimi açıqlasam, ya cəza alacağam, ya da intriqaya səbəb olacağam. Sizin ədalətli yazılarınızı oxuyuruq. Düzgün analiz edib, oyunumuzla bağlı təhlil edə bilərsiniz. Oyundan razıyam və komandama təşəkkür edirəm. Belə oyunla ancaq irəli... Növbəti matça hazırlaşacağıq. Hər şey yaxşı olacaq. Təhlili özünüz edin. Mən dediyimi dedim. Hakimlər haqqında danışmaq istəmirəm. Uduzmuşuq. Sizdən xahiş edirəm, təhlil edin, qiymət verin. Bəlkə də kimlərsə cəzasını alacaq. Qol epizodları "Sumqayıt"da daha çox oldu. Yararlana bilmədik. Daha çox çalışacağıq. 80-ci dəqiqəyə qədər olan epizodlar "Sumqayıt"ın xeyrinə idi”.

Cavadov hava şəraitinin təkcə öz komandasının çıxışına mane olmadığını bildirib: “Hər iki komanda üçün eyni şərait idi. Planlarımızı heç nə pozmadı. Hazır idik. Bugünkü oyun onu göstərdi ki, hər cəhətdən komandam üstün idi. Digər oyunlarda da sonradan meydana buraxdığımız oyunçular hazır gəlmədi. Bəzilərində 1-2 ay keçib. Amma birdən-birə onları yükləsək, yenidən zədələnəcəklər. Ronaldo, Momo Yansane də həmçinin. Bu yöndə çalışırıq. Bugünkü oyunda 90 dəqiqə ərzində pressinq etdik, qol imkanlarımız oldu. Bəzi səbəblərə görə uduzduq. Futboldur. Növbəti matça hazırlaşmaqlıyıq”.

“Kimyaçılar”ın baş məşqçisi komandasının 9 oyundur qol vurmamasına və qarşıdan gələn Azərbaycan Kubokunun "Sabah"a qarşı 1/4 final mərhələsinin cavab oyununa da toxunub: ”Cadu sözünü dilə gətirməmişəm. Bilirik ki, bu ifadə yarı zarafat, yarı emosiya ilə deyilib. Qol vura bilmiriksə, problem var. VAR-da olan hakimlər bəzi epizodlarda görmürsə... Komandamdan razıyam. Ruhdan düşmürük. Çempionat gərgin keçir. İnanıram ki, vəziyyətdən çıxacağıq. Birinci oyun göstərdi ki, biz "Sabah"ı keçə bilərik. Bu gün də yaxşı mübarizə apardıq. Hansı komanda uğurlu, istəkli olsa, mərhələ adlayacaq. Kubokda qolla bağlı hər şey qaydasında olacaq".

Baş məşqçi hazırda 7-ci yerdə gedən "Sumqayıt"ın sonuncu pilləyə enərək, I Liqaya düşmə təhlükəsinin olmadığını da vurğulayıb: "Turnir cədvəlinə baxmısınız? Neçənci yerdəyik? AFFA-nın reqlamentlə bağlı qərarı bizi marahat etmir. Son pillədəki "Səbail"in 17 xalı var. Sonuncu yerə düşmək başqa şeydir. İntriqa yaratmayaq. Riskli zonadayıq, amma bu məğlubiyyətə görə sonda deyilik. Bizim 22 xalımız var. "Şamaxı" da bizi udub keçə bilər. Bizi düşündürən məsələ hər oyundan-oyuna artırmağımız, qol vurmağımızdır. Çalışacağıq ki, nəticə əldə edək”.