BAKI. 22 fevral. TELEQRAF

“Sabah” klubunun slovakiyalı futbolçusu Pavol Şafranko Teleqraf-a müsahibə verib. 31 yaşlı hücumçu həm komandasının nəticələri, həm də Azərbaycan Premyer Liqasının XXIV turunda bu gün “Qarabağ”la səfərdə keçirəcəkləri oyun barədə sualları cavablandırıb:.

- Ötən tur “Səbail”lə oyundan 0:0 hesablı heç-heçə edərək ayrıldınız. Sonuncu pillədəki komandaya qarşı belə nəticə sizə psixoloji olaraq, necə təsir etdi?

- Həmin oyunda lazımi səviyyədə çıxış etmədik. Hərçənd, matça yaxşı başlamamışdıq. Amma oyuna daha çox güc qoymalı idik. Bu amil özümüzdən aslı olan durumdur. Çünki ondan öncəki iki turda biz daha yaxşı çıxış etmişdik. Ötən oyunda isə istədiyimiz performansı meydanda sərgiləyə, yəni istədiyimizi ala bilmədik.

- Hazırda ⁠32 xalla turnir cədvəlinin 5-ci pilləsində yer alırsınız. Avrokuboklardan kənarda qalmaq “Sabah”ın fiaskosu ola bilərmi?

- ⁠Səmimi desəm, avrokuboklara vəsiqə qazanmağımız çox çətin olacaq. Mövcud durumun fərqindəyik. Amma nə edə bilərik? Əlimizdən, sadəcə, oyundan-oyuna köklənmək gəlir. Nə bacaracağıqsa, onu da edəcəyik.

- ⁠Sizcə, kubok, yoxsa çempionat vasitəsilə avrokuboklara vəsiqə daha asandır?

- ⁠Bunu demək çətindir. Əlbəttə, çempionatın 5-ci pilləsində yer almaq bizə layiq deyil. İstəmədiyimiz mövqedəyik. Hər oyun bizim üçün çətin olacaq.

- ⁠Baş məşqçi Vasili Berezutskinin komandaya gətirdiyi yenilik nədir?

- ⁠Ağır sualdır... O, bizə yeni informasiya, yeni enerji gətirdi. Məsələn, bizdən istədiklərini “Turan Tovuz”la oyunda gördünüz. Amma yeni informasiyalar alıb, daha da artırmağa çalışırıq.

- ⁠Legioner limitinin ləğvini bir əcnəbi futbolçu olaraq, necə qarşıladınız?

- ⁠Şəxsi fikrimə görə, dünyanın yaxşı Liqalarında, məsələn, La Liqada legioner limiti yoxdur. Düşünürəm ki, ən yaxşı oyunçular, özlərini isbat etmək istəyənlər yenə də meydana çıxacaqlar.

- ⁠Çempionatın səviyyəsində necə, irəliləyiş olacaqmı?

- İndiki səviyyə pis deyil. Amma hadisələr istənilən formada cərəyan edə bilər.

- ⁠Azərbaycan Kubokunun 1/8 final mərhələsində səfərdə “Turan Tovuz”a qarşı oyun zamanı sizinlə ikili mübarizədə rəqib futbolçu Denis Marandiçi ağır zədə almışdı. Ayağı qırılan Marandiçi aylarla yaşıl meydanlardan uzaq düşdü. Onun durumu ilə maraqlanırsınız?

- ⁠Zədə aldıqdan sonra onu xəstəxanada ziyarət etdim. Amma hazırda telefon vasitəsilə əlaqə saxlayıram. Çünki Portuqaliyada bərpa prosesi keçir. Görə bilməsəm də, bəzən zəngləşirəm. Aramızda hər hansı problem yoxdur. Sağ olsun, mənim üzrxahlığımı qəbul etdi. Arzuolunmaz hadisə idi. Başa düşdü ki, özümün də istəmədiyim halda baş verdi. Ümid edirəm ki, tezliklə onu yenidən çempionatda görəcəyik.

- Bu gün “Qarabağ”la çətin qarşılaşmanız olacaq. Aranızdakı duellərin bolqollu keçdiyini nəzərə alsaq, bu dəfə hansı hesabı gözləyirsiniz?

- Maksimum yaxşı nəticəyə köklənmişik. “Qarabağ”a qarşı istər ev, istərsə də səfər oyunlarımız adətən, maraqlı keçir. Cari mövsüm bir dəfə uduzsaq (2:3) da, bir dəfə heç-heçə (1:1) etmişik. Fasilə dönəmində həm rəqibin heyətində, həm də bizdə bəzi dəyişikliklər oldu. Amma istənilən halda, rəqibimizi tanıyırıq. Məqsədimiz 3 xal qazanmaqdır. İnanıram ki, azarkeşlərimiz də baxımlı oyun izləyəcəklər.