
BAKI. 22 fevral. TELEQRAF
“Ayağıma zərbə dəydi, hətta butsun izi qalır. Yəni, Vaqif Cavdovun nə düşündüyünü bilmirəm, amma bizim lehimizə verilən penalti doğru qərar idi”.
Bu sözləri Teleqraf-a açıqlamasında “Neftçi”nin futbolçusu Ağadadaş Salyanski evdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIV tur oyunundan sonra deyib.
“Ağ-qaralar”ın 21 yaşlı hücumçusu bildirib ki, qarşılaşmaya çox yaxşı hazırlaşmışdılar: “Sumqayıt” neçə oyundur məğlub olsa da, qol vura bilməsə də, bizə qarşı yaxşı mübarizə apardı. Bu oyunda qalib gəlməyi çox istəyirdik. Hava şəraitinə görə matç bir qədər gərgin keçdi. Son dəqiqə qolu ilə qalib gəldik. Baş məşqçimiz Samir Abasovun qərarı belə olduğundan, ikinci hissədə meydana çıxdım. Fiziki durumum qaydasındadır”.
Matçın 90+2 dəqiqəsində rəqib futbolçu Elvin Bədəlov tərəfindən qayda pozuntusuna məruz qalaraq komandasına penalti qazandıran Salyanski baş hakim Tural Qurbanovun mübahisəli epizodlarla bağlı qərarlarına münasibətini açıqlayıb: “Murad Məmmədova qayda pozuntusunun olduğu epizodu paltardəyişmə otağında eşitdim. Şəxsən özüm oyun zamanı o məqamı görə bilmədim. Paltardəyişmə otağında dedilər ki, o da penalti olmalı idi. VAR-a baxılsaydı, elə qərar veriləcəkdi. Mənə qarşı da penaltilik epizod vardı və referi müvafiq qərarı verdi. Əsas odur ki, qələbə qazandıq”.
U-21 milli komandasının da üzvü olan Salyanski Azərbaycan Kubokunun qarşıdan gələn görüşlərinə fokuslandıqlarını və finala qədər mübarizə apararaq, mümkün rəqib “Qarabağ”a qarşı ciddi müqavimət göstərə biləcəklərini deyib: “Premyer Liqanın turnir cədvəlində vəziyyətimiz yaxşı deyil. Yuxarı pillələrə çatmaq çox da real görünmür. Məqsədimiz kuboku qazanmaqdır. Birinci görüşdə “Kəpəz”ə səfərdə 2:0 hesabı ilə qalib gəlmişik. Çox istəyirik ki, yarımfinala, daha sonra da finala çıxaraq kuboku qazanaq. Düşünürəm ki, ötən tur “Qarabağ”a qarşı pis oynamadıq, çox yaxşı mübarizə apardıq. Düzdür, rəqib azlıqda qaldı: İlk yarının ortalarında Kevin Medina mənə qarşı açıq-aşkar qayda pozuntusu etdi. O da yerində “qırmızı”lıq cəza idi. Sadəcə, sona yaxın fərdi səhvlərimiz ucbatından xal itirdik. Finala maksimum hazırlaşıb, kuboku götürmək istəyirik”.
Xatırladaq ki, “Neftçi” Azərbycan Kubokunda ¼ final mərhələsinin cavab görüşündə fevralın 28-i “Kəpəz”i qəbul edəcək. Tərəflər arasında Tovuzda keçirilən ilk görüş “ağ-qaralar”ın 2:0 hesablı üstünlüyü ilə bitib.