BAKI, 21 fevral. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXIV turunun açılış matçında “Neftçi” və “Sumqayıt” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, “Neftçi Arena”da baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Tural Qurbanovun idarə etdiyi qarşılaşmanın 77-ci dəqiqəsində “ağ-qaralar”ın futbolçusu Mustafa Sek “kimyaçılar”ın üzvü Cəsur Cəloliddinova qarşı qayda pozuntusu edib. Lakin qonaqların penalti istəyini nəzərə almayan baş hakim oyunu davam etdirib.

Əvəzində o, 90+2-ci dəqiqədə Elvin Bədəlovun Ağadadaş Salyanskiyə qarşı kobud oynadığını əsas gətirərək, "Sumqayıt"ın qapısına penalti təyin edib. Topa yaxınlaşan Filip Ozobiç "ağ-qaralar"ın qələbə topunu vurub.

Bu mövsüm "Sumqayıt"ı ilk dəfə yenən “Netçi” 27 xalla 6-cı, ardıcıl 9-cu oyundur uduzan “Sumqayıt” isə 22 xalla 7-ci pillədəki yerini dəyişməz saxlayıb.

Qeyd edək ki, XXIV turun sabah baş tutacaq görüşlərində “Araz-Naxçıvan” evdə “Səbail”lə, “Qarabağ” isə “Sabah”la üz-üzə gələcək. Bazar günü isə “Şamaxı”-“Turan Tovuz”, “Zirə”-“Kəpəz” görüşləri keçiriləcək.