BAKI, 25 sentyabr. TELEQRAF
“Burada yarışmaq həmişə çətindir. Sabah yaxşı nəticə göstərmək üçün düzgün strategiya seçməli, icraatı doğru etməli və təkərləri ən yaxşı şəkildə idarə etməliyik. Trassda ziqzaqlar edərək təkərləri qızdırmağa çalışsam da, bu axmaq təkərləri istədiyim kimi işlədə bilmədim. Bu, həqiqətən də böyük zülmdür!”
Teleqraf xəbər verir ki, bunu “Mercedes” komandasının pilotu Lüis Hamilton deyib.
O, bu gün keçirilən sıralama turunda komandasının ikinci və ya üçüncü ən sürətli maşın olduğunu bildirib. Hamilton komanda yoldaşı Şarl Leklerin əla iş çıxardığını qeyd edib.
Britaniyalı pilot sabahkı əsas yarışda ön tərəfdəki rəqibləri ötməyin çox çətin olacağını vurğulayıb:
“Şarlın ön sırada olmasını da daxil etsək, məncə biz ikinci və ya üçüncü ən sürətli maşınıq. Maks Ferstappen bütün həftəsonu daha sürətli idi, bu sessiyada ona nə olduğunu bilmirəm. Şarl yenə çox yaxşı iş çıxardı və sonda yaxşı hava axını tutdu. Önümüzdəki maşınların heç birini ötmək asan olmayacaq.
Q3-ün (sıralanma turunun son mərhələsi) ikinci yürüşündə məndə də hava axını var idi, amma əsas məsələ qabaqda heç kimin olmamasıdır. Mən təkərləri qızdırmaq üçün yırğalanırdım (ziqzaq edirdim), sanki canımı qurtarmağa çalışırdım, amma hələ də bu axmaq təkərləri işlədə bilmirdim. Bu, həqiqətən də böyük zülmdür!”
Qeyd edək ki, sabah Azərbaycan Qran-prisinin əsas yarışı Bakı Şəhər Halqasında keçiriləcək.