BAKI, 2 noyabr. TELEQRAF
“Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli karyerasında ilk dəfə “Formula-1” üzrə dünya çempionu olub.
Teleqraf xəbər verir ki, italiyalı pilot Meksika Qran-prisinin nəticələrinə əsasən, mövsümün qalibi adını vaxtından əvvəl təmin edib.
Yarışı üçüncü pillədə başa vuran Antonelli xallarının sayını 380-ə çatdıraraq pilotların şəxsi hesabında rəqibləri üçün əlçatmaz olub.
Bunadək britaniyalı pilotlar Corc Rassell (“Mercedes”) və Lüis Hemilton (“Ferrari”) çempionluq uğrunda mübarizəni davam etdirirdilər.
Antonelli 20 yaş 69 günlüyündə dünya çempionu olmaqla “Formula-1” tarixinin ən gənc çempionu rekordunu yeniləyib. Əvvəlki rekord 23 yaş 134 günlüyündə çempion olan almaniyalı Sebastyan Fettelə məxsus idi.
O, həmçinin dünya çempionu adını qazanan üçüncü italiyalı pilot kimi tarixə düşüb. Daha əvvəl Cüzeppe Farina 1950-ci ildə, Alberto Askari isə 1952 və 1953-cü illərdə bu uğura imza atıblar.
Qeyd edək ki, Antonelli 2025-ci ilin martında “Formula-1”də debüt edib. O, “Mercedes” komandasında yeddiqat dünya çempionu Lüis Hemiltonu əvəzləyib.
İtaliyalı pilot çempionatda iştirakının ikinci mövsümündə titul qazanan dördüncü sürücü olub. Daha əvvəl Xuan Manuel Fanxio, Jak Vilnöv və Lüis Hemilton bu nailiyyətə imza atıblar.