BAKI, 16 avqust. TELEQRAF
İran Xarici İşlər Nazirliyi neft çirklənməsinin regionun dəniz ekosisteminə vurduğu zərərin trilyonlarla dollar təşkil edə biləcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Baqai “X” sosial şəbəkəsində yazıb.
Baqai paylaşımına Qeşm adası sahillərindəki çirklənməni əks etdirən videonu əlavə edib və hadisəyə xarici gəminin səbəb olduğunu bildirib.
“Bu hadisə son onilliklər ərzində həm açıq, həm də gizli şəkildə baş verən genişmiqyaslı çirklənmənin yalnız bir nümunəsidir. Bu çirklənmə Fars körfəzi və Oman dənizinin sularının, eləcə də regionun dəniz ekosisteminin vəziyyətini pisləşdirib, İranın sahilyanı ərazilərinə trilyonlarla dollar məbləğində zərər vurub”, - deyə Baqai qeyd edib.
O əlavə edib ki, kommersiya gəmiçiliyində iştirak edən tərəflərin hər biri regiona dəymiş zərərin aradan qaldırılmasına görə hüquqi və mənəvi məsuliyyət daşımalıdır.