BAKI, 2 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın İranın xarici işlər naziri Abbas Əraqçinin Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı kompromis təklifini qəbul etməsindən sonra İrana planlaşdırılan güclü zərbəni ləğv etdiyi bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin "N12" telekanalı danışıqların gedişindən məlumatlı iki diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Əraqçinin kompromis təklifinə müsbət cavab verməsi Trampın İrana hücum planını dayandırmasına təsir göstərən əsas amillərdən biri olub.
Bildirilir ki, razılaşmaya əsasən, Hörmüz boğazı vasitəsilə Fars körfəzinə daxil olan gəmilər İranın ərazi sularından, körfəzdən çıxan gəmilər isə Omanın ərazi sularından hərəkət edəcək.
Telekanalın məlumatına görə, Qətər vasitəçiləri əldə olunan razılaşmanın İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən dəstəklənməsi istiqamətində danışıqları davam etdirirlər.
Xatırladaq ki, Donald Tramp daha əvvəl "Truth Social" platformasında İrana qarşı planlaşdırılan güclü zərbəni Tehranla razılaşma əldə etmək məqsədilə ləğv etdiyini açıqlamışdı. O bildirmişdi ki, İran və Yaxın Şərqin digər ölkələri Vaşinqtondan hücumdan imtina etməyi xahiş edib, çünki tərəflər gələcək sazişin əsas konturlarını razılaşdırıblar. Trampın sözlərinə görə, həmin saziş Hörmüz boğazının dərhal açılmasını və İranın nüvə təhlükəsinin aradan qaldırılmasını nəzərdə tutur.