BAKI, 2 avqust. TELEQRAF

"Qətər bu gün ölkə üçün İrandan daha böyük təhlükədir".

Teleqraf xəbər verir ki, bunu İsrailin keçmiş Baş naziri Naftali Bennett "Channel 12"yə müsahibəsində bildirib.

Bennetin sözlərinə görə, iki ölkə arasındakı fərq ondadır ki, İran İsraili məhv etmək niyyətini açıq şəkildə bəyan edir, Qətər isə daha incə yollarla hərəkət edir.

"Qətər 7 oktyabrda Nuhba terrorçularını maliyyələşdirib, bizim üçün ən zəhərli xərçəng xəstəliyi olan "Əl-Cəzirə"ni idarə edir, Amerika universitetlərinə təsir göstərir", - keçmiş Baş nazir bildirib.

O həmçinin qeyd edib ki, təhlükənin əsas mənbəyi Qətərin İsrail siyasi sisteminə təsiridir.

Bennett Qətərin İsrailə qarşı hərəkət etdiyini və onu daxildən zəhərlədiyini bildirib. O, Qətərin rəsmi olaraq düşmən dövlət hesab edilməməsini tənqid edib.

"İsrailin ən təhlükəli düşməni rəsmən elan etmir. Növbəti hökumət qurulacağı təqdirdə, İsrail Qətəri düşmən dövlət elan edəcək. Mövcud vəziyyət bağışlanmazdır" - Bennet qeyd edib.

Qeyd edək ki, Qətər İsrail ilə HƏMAS arasında girovların azad edilməsi və Qəzza zolağında atəşkəs barədə danışıqlarda əsas vasitəçilərdən biri olaraq qalır.