ZƏNGİLAN, 2 avqust. TELEQRAF

“2018-ci ildən başlayan bu yay düşərgələri artıq gözəl bir ənənəyə çevrilib. Bu xeyirxah missiya dünyanın müxtəlif ölkələrində yaşayan yüzlərlə gəncimizi doğma Vətən ətrafında sıx birləşdirir. Biz də Heydər Əliyev Fondu olaraq ilk gündən Diasporla İş üzrə Dövlət Komitəsi ilə birlikdə bu layihənin təşkilatçılarından olmaqdan və gənclərimizin Vətənlə bağlarını gücləndirməkdən böyük qürur hissi duyuruq”.

Teleqraf-ın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov VII Yay Düşərgəsinin açılış mərasimində deyib.

O bildirib ki, xaricdə yaşayarkən Azərbaycanı müdafiə etmək, ikili standartlara və dezinformasiyaya qarşı informasiya mübarizəsi aparmaq heç də asan deyil:

“Lakin siz bu çağırışların öhdəsindən gələn ən etibarlı gənc səfirlərsiniz. Azərbaycanın həqiqətlərini dünya ictimaiyyətinə düzgün və obyektiv şəkildə çatdırmaq məhz sizin üzərinizə düşən mühüm missiyadır.

Bu düşərgə təkcə ünsiyyət məkanı deyil. Biz istəyirik ki, burada formalaşan dostluq və əməkdaşlıq şəbəkələri gələcəkdə də yaşadığınız ölkələrdə birgə layihələrin təşəbbüskarı olsun, davamlı əlaqələr platformasına çevrilsin. İnanıram ki, Zəngilanda və Laçında keçirəcəyiniz bu düşərgə günləri yaddaşınızda silinməz iz qoyacaq”.