BAKI, 2 avqust. TELEQRAF
“The New York Times” yazır ki, İran ABŞ ilə qısamüddətli atəşkəs dövründə “Hizbullah”, husilər və İraqdakı silahlı qruplaşmalarla mümkün eskalasiya ssenarilərini koordinasiya edib.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) olan mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tehran ABŞ-nin İrana qarşı hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə müttəfiq silahlı qrupların fəaliyyətini əlaqələndirib.
Nəşr bildirir ki, strategiyanın məqsədi ABŞ Prezidenti Donald Tramp üçün müharibənin siyasi və hərbi dəyərini artırmaq, Vaşinqtonun müttəfiqlərinə zərbələr endirmək, həmçinin neft tədarükü və gəmiçiliyin fəaliyyətini pozmaq olub.
Mənbələrin sözlərinə görə, plan çərçivəsində raket və pilotsuz uçuş aparatları ilə hərbi bazalara hücumlar nəzərdə tutulsa da, əməliyyatlar ABŞ və ya İsrail qüvvələri ilə birbaşa qarşıdurmadan yayınacaq şəkildə hazırlanıb.
Nəşr əlavə edir ki, Səudiyyə Ərəbistanına edilən hücumlar ölkəni münaqişəyə cəlb etsə də, zərbələr birbaşa İran tərəfindən deyil, İraqdakı silahlı qruplaşmalar tərəfindən həyata keçirilib.