BAKI, 2 avqust. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio Prezident Donald Tramp ilə Çin Sədri Si Cinpin arasındakı münasibətlərin qarşılıqlı hörmət prinsipi üzərində qurulduğunu bildirib.

Teleqraf xəbər verir ki, Marko Rubio bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

Rubio qeyd edib ki, iki ölkə lideri arasında birbaşa dialoqun davam etməsi böyük əhəmiyyət daşıyır.

“Prezident Tramp və Sədr Si Cinpin arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanır. Liderlərimizin bir-biri ilə danışa bilməsi çox vacibdir. Çinlə birbaşa təmasları saxlamamaq məsuliyyətsizlik olardı. Biz münasibətlərdə sabitlik istəyirik”, – deyə o bildirib.

ABŞ dövlət katibi əlavə edib ki, Vaşinqton və Pekin bəzi məsələlərdə fikir ayrılığı yaşayacaq, bəzi sahələrdə rəqabət aparacaq, eyni zamanda əməkdaşlıq edə biləcəkləri istiqamətlər də mövcuddur.

Rubio ABŞ və Çini dünyanın aparıcı iqtisadiyyatları adlandıraraq, iki ölkə arasında əməkdaşlığın qlobal sabitlik baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.