ZƏNGİLAN, 2 avqust. TELEQRAF
“Düşərgənin əsas məqsədlərindən biri xaricdə yaşayan gənclərin diaspor hərəkatına daha fəal qoşulmasına, Azərbaycanın reallıqlarını beynəlxalq platformalarda və yaşadıqları ölkələrin ictimaiyyətinə düzgün çatdırmasına töhfə verməkdir”.
Teleqraf-ın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, builki düşərgənin fərqli cəhətlərindən biri indiyədək təmsil olunmayan ölkələrdən də gənclərin ilk dəfə iştirak etməsidir:
“Biz həm iştirakçıların coğrafiyasının, həm də təmsil olunan sahələrin müxtəlif olmasına xüsusi önəm veririk. İnanırıq ki, bu gənclər gələcəkdə Azərbaycan dövlətinin maraqlarının müdafiəsində və müxtəlif layihələrdə fəal iştirak edəcəklər. İstəyirik ki, gənclərimiz yaşadıqları ölkələrdə, müxtəlif beynəlxalq platformalarda və öz icmalarında çıxış edərək Azərbaycanın maraqlarını layiqincə təmsil edə və ölkəmizi tanıda bilsinlər".