BAKI, 2 avqust. TELEQRAF
ABŞ hakimiyyəti yeddi ştatın su təchizatı sistemlərinə edilən kiberhücumlarda İranın mümkün rolunu araşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" ABŞ rəsmiləri və ekspertlərə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, araşdırma hələ ilkin mərhələdədir və Tehranın hücumlarda iştirakını təsdiqləyən yekun dəlillər yoxdur. Bununla belə, ABŞ rəsmiləri hesab edirlər ki, müharibə başlayandan sonra İranla əlaqələndirilən haker qrupları ölkənin kritik infrastrukturuna qarşı hücumlarını xeyli intensivləşdirib.
ABŞ Federal Təhqiqat Bürosunun (FBI) məlumatına əsasən, kiberhücumlar azı yeddi ştatı əhatə edib. Hücumların bir hissəsi su təchizatı sistemlərinin fəaliyyətində pozuntulara səbəb olub.
Bildirilir ki, hakerlər su təchizatı obyektlərinin monitorinqi və idarə olunması üçün istifadə olunan sənaye idarəetmə sistemlərinə daxil olaraq onların parametrlərini və şifrələrini dəyişiblər. Bu isə operatorların avadanlıqlara nəzarət imkanlarını məhdudlaşdırıb.
Bununla yanaşı, "The New York Times" qeyd edir ki, içməli suyun keyfiyyətinin pisləşməsi və ya istifadəyə yararsız hala düşməsi ilə bağlı hər hansı əlamət qeydə alınmayıb.
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında hadisələrin arxasında İranın deyil, Minnesota ştatının dayandığını düşündüyünü bildirib. Lakin nəşrin məlumatına görə, ABŞ kəşfiyyat qurumları və federal rəsmilər İranın mümkün iştirakını əsas versiya kimi qiymətləndirirlər. Bununla belə, onlar bu qiymətləndirmənin hələlik ilkin xarakter daşıdığını və qəti sübutlarla təsdiqlənmədiyini vurğulayırlar.