BAKI, 2 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyata başlamağa hazır olsa da, mümkün razılaşmaya şərait yaratmaq məqsədilə hücum planını dayandırıb.

Teleqraf xəbər verir ki, Donald Tramp bu barədə özünün "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

ABŞ liderinin sözlərinə görə, İran tərəfi razılaşdırılmış şərtlərə görə hücum edilməməsini xahiş edib.

Tramp qeyd edib ki, mümkün razılaşma Hörmüz boğazının dərhal açılmasını və Tehranın yaratdığı nüvə təhlükəsinin aradan qaldırılmasını əhatə edir.

O əlavə edib ki, dünya sülhü və İranın gələcəyi naminə, razılaşmanın qısa müddətdə imzalanacağı şərti ilə planlaşdırılan zərbələri ləğv etmək qərarına gəlib. Trampın sözlərinə görə, İsrail də bu öhdəliyə qoşulub.

“Hamınız işə başlayın və bunu həyata keçirin!” – deyə ABŞ Prezidenti paylaşımında yazıb.