BAKI, 2 avqust. TELEQRAF

Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən formalaşan 9-cu çağırış Milli Məclis avqustun 2-də ilk iclasını keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası parlamentdə 64 mandat qazanıb. İş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 29, sabiq prezident Robert Köçəryanın "Ermənistan" ("Hayastan") bloku isə 12 mandat əldə edib.

Yeni parlament ümumilikdə 105 deputatdan ibarət olacaq.

Reqlamentə əsasən, Milli Məclisin sədri seçilənədək ilk iclasa yezidi icmasını təmsil edən ən yaşlı deputat Knyaz Həsənov sədrlik edəcək.

İlk iclasda Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın çıxışı nəzərdə tutulub. Bununla yanaşı, ölkənin müasir tarixində ilk dəfə olaraq bütün ermənilərin katolikosu II Qaregin parlamentin ilk iclasına dəvət edilməyib.

İclasın əsas təşkilati məsələlərindən biri də parlamentin Hesablama Komissiyasının formalaşdırılması olacaq. Komissiya fraksiyaların proporsional təmsilçiliyi prinsipi əsasında yaradılacaq və parlamentdə gizli və açıq səsvermələrin təşkili ilə məşğul olacaq.