BAKI, 12 iyul. TELEQRAF

NATO-ya məxsus uzaqmənzilli radiolokasiya aşkarlama və idarəetmə təyyarəsi Rumıniya hava məkanında, Qara dəniz sahilləri yaxınlığında uçuş həyata keçirir.

Teleqraf xəbər verir ki, bu barədə TASS Avropa İttifaqının aviadispetçer xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, NATO-ya məxsus və Lüksemburqda qeydiyyatdan keçmiş "Boeing E-3A" Sentry tipli uzaqmənzilli radiolokasiya aşkarlama və idarəetmə təyyarəsi hazırda Rumıniyanın hava məkanında, Qara dəniz sahilləri yaxınlığında dairəvi marşrut üzrə uçuşunu davam etdirir.

Bildirilir ki, təyyarə Litvadan havaya qalxıb. O, əvvəlcə Rumıniyanın mərkəzi hissəsi üzərində bir neçə dövrə vurub, daha sonra isə Qara dəniz sahilləri istiqamətində hərəkət edib.

Mənbənin sözlərinə görə, təyyarə hazırda təxminən 9 kilometr yüksəklikdə uçur. Onun radiolokasiya avadanlığı 400 kilometrədək məsafədə hava obyektlərini aşkar və identifikasiya etmək imkanına malikdir.