BAKI, 12 iyul. TELEQRAF
Ukrayna tərəfdaşlarından silah tədarükünü sürətləndirmək üçün diplomatik səylərini gücləndirir.
Teleqraf xəbər verir ki, bu barədə "RBC-Ukrayna" prezident Volodimir Zelenskinin müraciətinə istinadən məlumat yayıb .
Zelenski sürətləndirilməli olan üç əsas sahəni müəyyən edib: ABŞ ilə "Patriot" istehsalı üçün lisenziyalar barədə razılaşma, anti-ballistik raketlərin istehsalı üzrə Avropa tərəfdaşları ilə iş və digər müdafiə əməkdaşlığı layihələri.
O, ayrıca olaraq elan edilmiş, lakin bu günə qədər tam tətbiq olunmayan dəstək paketlərini də vurğulayıb.
Zelenski qeyd edib ki, Ukraynaya dəstək paketinin elan edilməsi ilə onun həyata keçirilməsi arasında həftələr keçməməlidir; bu, ilk növbədə, diplomatik işlə məşğul olan hər kəsin məsuliyyətidir: "Razılaşmaların həyata keçirilməsini sürətləndirmək zərurəti reallıqla diktə olunur - ruslar hər gün Ukraynaya zərbələr endirir. Ukraynalı əsgərlərə insanların həyatını Rusiyanın şərindən qorumaq üçün daha çox vasitə və imkan lazımdır. Elə bu gün ruslar əsas hədəf Kiyev olmaqla Ukraynaya ballistik raketlər atdılar. Bundan əlavə, düşmən Sumıya dəhşətli hava hücumu və Odessaya raket zərbəsi endirib".
Zelenski vurğulayıb ki, Ukrayna nazirlikləri istehsalın mümkün qədər tez başlaması üçün lisenziya üzrə texniki işlərə dərhal başlamalıdırlar.