BAKI, 10 iyul. TELEQRAF

Avropa Komissiyası ümumavropa yaş məhdudiyyətlərinin tətbiqi səyləri çərçivəsində sosial medianın uşaqlar üçün təhlükələri ilə bağlı ekspert hesabatı hazırlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, onlarla mütəxəssisin, o cümlədən psixoloqların iştirak etdiyi hesabat bazar ertəsi günü açıqlanacaq və Avropa Komissiyası rəhbərinin uşaqların sosial media istifadəsinə ümumavropa qadağası tətbiq etmək üçün yaxşı planlaşdırılmış kampaniyasında əsas addım olacaq.

Avropalı rəsmilərdən birinin sözlərinə görə, hesabat "sübut bazası" təqdim etməklə şübhə ilə yanaşan hökumətləri belə bir addımın atılmasının zəruriliyinə inandırmaq məqsədi daşıyır.

Fon der Leyen sentyabr ayında sosial media istifadəsinə ümumavropa yaş məhdudiyyətlərinin tətbiqi ilə bağlı konkret planları açıqlamaq niyyətindədir. Yeni qaydalar rəqəmsal platformalardan müəyyən yaşdan kiçik uşaqların hesab yaratmasının qarşısını almağı tələb edə bilər.

Qeyd edək ki, Fransa, İspaniya, Almaniya, Danimarka və Yunanıstan da daxil olmaqla bir neçə Aİ ölkəsi artıq uşaqların sosial mediadan istifadəsini məhdudlaşdırmaq üçün öz qaydalarını hazırlayır. Avstraliya dünyada 16 yaşdan kiçik uşaqların əsas sosial media platformalarında qeydiyyatdan keçməsini qadağan edən ilk ölkə olub.