TOVUZ, 24 avqust. TELEQRAF
Göytəpə Neolit yaşayış yeri Azərbaycanın ən mühüm qədim yaşayış məskənlərindən biri hesab olunur.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, abidədə sistemli arxeoloji tədqiqatların əsas mərhələsi 2008-ci ildən başlayıb.
Fransalı və yaponiyalı mütəxəssislərin də iştirakı ilə aparılan beynəlxalq ekspedisiya zamanı ərazidə təxminən 1000 kvadratmetr sahə tədqiq olunub. Terrasvari qazıntılar nəticəsində yaşayış yerində bir-birini əvəz edən 14 məskunlaşma mərhələsi müəyyənləşdirilib. Müxtəlif təbəqələrdən götürülən nümunələrin radiokarbon analizləri isə abidənin xronologiyasının və memarlıq mərhələlərinin daha dəqiq müəyyənləşdirilməsinə imkan verib.
Beynəlxalq tədqiqatlar başa çatdıqdan sonra qazıntılar 2019-cu ilədək yerli mütəxəssislər tərəfindən davam etdirilib. Göytəpə ilə bağlı əldə olunan elmi nəticələr daha sonra beynəlxalq elmi ictimaiyyətə də təqdim olunub. 2021-ci ildə İngiltərənin “Archaeopress” nəşriyyatında abidəyə həsr olunan fundamental monoqrafiya çap edilib.
Lakin sonrakı illərdə ərazidə tədqiqat aparılmayıb. Eyni zamanda, qazıntı sahələrinin qorunması üçün tətbiq edilən konservasiya örtüyünün yararlılıq müddəti başa çatıb. Yağıntı, külək və temperatur dəyişikliklərinin təsiri nəticəsində bəzi qədim divarlarda deformasiyalar yaranıb.
2025-ci ildə ərazidə təmizlik və abadlaşdırma işləri aparılıb. Bundan sonra isə əvvəlki qazıntıların koordinat sisteminin, kvadrat sərhədlərinin və memarlıq horizontlarının yenidən bərpasına ehtiyac yaranıb.
Hazırda ekspedisiya əvvəlki plan, çertyoj, fotoşəkil və ölçü məlumatlarını ərazinin mövcud vəziyyəti ilə müqayisə edir.