BAKI, 24 avqust. TELEQRAF

ReAl Partiyasının sədri Natiq Cəfərli Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Natiq bəy, Azərbaycanla Ermənistan arasında delimitasiya ilə bağlı verilən müsbət mesajlar fonunda hər iki tərəf üçün daha məqbul variantlar üzərində iş getdiyi açıqlanıb. Rəsmi İrəvan anklav ərazilərlə bağlı Almatı bəyannaməsi, keçmiş sovet dövrünə aid sərhədlərin bərpası və eyni zamanda yeni reallığa uyğun addımların atılmasını mümkün hesab edib. Bu halda hər iki tərəf üçün ən məqbul seçim, sizcə, necə ola bilər?

- Əslində Azərbaycan və Ermənistan sərhədlərində anklav və eksklavlar keçmiş sovet dövründən sonrakı mərhələ üçün ziddiyyətlərə əsas yaratmaqdan ötrü basdırılmış “minalar” idi. Orta Asiyada da eyni “ssenari” ilə tərəflər arasında konflikt yaratmaq üçün əsaslar formalaşdırılmışdı. Məqsəd sonradan xalqlar və dövlətlər arasına nifaq toxumu səpmək idi. Bundan həmin ölkələrə qarşı təzyiq aləti kimi istifadə olunurdu.

Bu baxımdan sovet keçmişindən ayrılıb, ortaq məxrəcə gəlib məsələni həll etmək daha məntiqlidir. Fikrimcə, ən optimal yol ərazi mübadiləsi məsələsidir.

- Azərbaycanla Ermənistan ərazi mübadiləsini hansı əsaslarda apara bilər?

- Məsələn, ermənilər Azərbaycan ərazisində olan Başkənd məsələsini qaldırırlar. Bu kənd Ermənistan sərhədindən az qala 20 km aralıda yerləşir. Ora gediş-gəliş necə olacaq və bura hansısa erməni köçəcəkmi? Güman ki, ermənilər bu əraziyə gəlmək istəməyəcək. Eyni qaydada Ermənistan daxilində olan Azərbaycana məxsus anklav kəndlər var. Bu kəndlər Azərbaycana təhvil verildikdən sonra orada yaşayış təminatı necə olacaq və sair bu kimi məsələlər hələ də açıq qalıb.

Ermənistan tərəfindən 1990-cı illərdən 2024-cü ilə kimi Qazax rayonunun 7 kəndi işğalda saxlanılıb. 2024-cü ildə isə Qazaxın Bağanıs Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrımlı kəndləri Azərbaycana təhvil verilib. Azərbaycanın Qazax rayonu istiqamətində işğal altında olan anklav əraziləri isə Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Naxçıvanın Kərki kəndləridir. Həmin kəndlər Azərbaycana təhvil verildikdən sonra oranın sakinlərinin geri qayıtması məsələsi aktuallaşacaq. Geri dönmək qərarı verdikdə isə yaxın keçmişdə yaşananlar yada düşəcək...

Hesab edirəm ki, sərhədlərin delimitasiya məsələsində həmin ərazilərin mümkün qədər mübadiləsi daha məqsədəuyğun olar.

- Beynəlxalq təcrübədə ərazi mübadiləsi hansı mexanizmlə həyata keçirilir?

- Bir çox ölkələrin təcrübəsinə baxmaq olar. Azərbaycanla Ermənistan arasında da bu məsələnin mübadilə yolu ilə həlli ən yaxşı variantlardan biri ola bilər. Çünki bu amil gələcəkdə yarana biləcək konfliktlərin də qarşısını alır.

- Gələcək təhdidlər dedikdə nələri nəzərdə tutursunuz?

- Əgər Rusiya 5-10 il sonra yenidən bu iki dövlət arasında konflikt yaratmaq istəsə, belə məsələlərdən istifadə etməyə çalışacaq. Bu kimi problemləri önləmək üçün indidən tədbirli olmaq daha faydalıdır.