BAKI, 24 avqust. TELEQRAF
İranın Yaxın Şərqdəki ABŞ hərbi bazalarına zərbələri Vaşinqtonu bölgədəki hərbi mövcudluğunun gələcəyini yenidən qiymətləndirməyə vadar edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” (FT) ekspertlərə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ üç onillikdən artıqdır ki, Fars körfəzi ölkələrinin demək olar ki, hamısında hərbi bazalara çıxış imkanına malikdir. Lakin İranın mütəmadi zərbələri fonunda Vaşinqton indi bu bazaların bərpasına milyardlarla dollar xərcləyib-xərcləməmək və ya Yaxın Şərqdəki hərbi mövcudluğunu “yeni dövrün tələblərinə uyğun” dəyişmək barədə qərar verməlidir.
FT qeyd edir ki, ABŞ artıq hərbi qüvvələrin daha geniş əraziyə səpələnmiş şəkildə yerləşdirilməsinə üstünlük verməyə başlayıb. ABŞ müdafiə nazirinin keçmiş köməkçisi Dana Stroulun sözlərinə görə, belə model Vaşinqtona “daha çevik və operativ fəaliyyət göstərməyə” imkan verir.