BAKI, 24 avqust. TELEQRAF

ABŞ İranla münaqişəyə görə Cənubi Koreya ilə birgə “Ssangyong” hərbi dəniz təlimlərini ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə Cənubi Koreya Dəniz Piyadaları Korpusunun rəsmi nümayəndəsi Xan Sın Çjon məlumat verib.

“ABŞ Dəniz Piyadaları Korpusu iyun ayında “Ssangyong təlimləri ilə bağlı bizi rəsmi şəkildə məlumatlandırdı ki, təlimlərin keçirilməsi dövründə Yaxın Şərqdəki vəziyyəti nəzərə alaraq, silahlı qüvvələrdən istifadə ilə bağlı müəyyən məhdudiyyətlər mövcuddur”, - o deyib.

Xan Sın Çjon əlavə edib ki, bu il təlimlərin keçirilmə vaxtı ilə bağlı müəyyən çətinliklər olsa da, gələcəkdə təlimlərin bərpası məsələsində ABŞ Dəniz Piyadaları Korpusu ilə məsləhətləşmələr davam etdirilir.

İki ölkənin dəniz piyadalarının təlimləri iki ildən bir keçirilir və bu il sentyabr ayına planlaşdırılmışdı.

ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Cənubi Koreya ilə ikitərəfli “Ulchi Freedom Shield” təlimlərinin miqyasının azaldılmasına da göstəriş vermişdi. Həmin təlimlər planlaşdırıldığından 6 gün əvvəl - avqustun 21-də başa çatıb.

Donald Tramp bu fonda avqustun 16-da Şimali Koreya lideri Kim Çen Inla yaxşı münasibətlərini xatırladaraq, hərbi təlimlərin Pxenyana “yersiz və düşmənçilik siqnalı” göndərdiyini iddia edib.

Cənubi Koreya “Ssangyong” təlimlərini müstəqil şəkildə keçirməyi planlaşdırır.