BAKI, 24 avqust. TELEQRAF

Ukrayna və Norveç pilotsuz uçuş sistemləri sahəsində müdafiə əməkdaşlığına dair saziş imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat verib.

Zelenskinin sözlərinə görə, sənəd Norveçin Baş naziri Yonas Qar Störe ilə imzalanıb.

“Norveçin Baş naziri Yonas Qar Störe ilə birlikdə “Drone Deal” formatında pilotsuz sistemlər sahəsində müdafiə əməkdaşlığı haqqında saziş və strateji tərəfdaşlıq haqqında bəyannamə imzaladıq”, – Zelenski bildirib.

Ukrayna lideri qeyd edib ki, strateji tərəfdaşlıq sazişi Kiyev knyazı Yaroslav Mudrının qızı, sonradan Norveç kraliçası olmuş Yelizavetanın şərəfinə “Yelizaveta” adlandırılıb.

Qeyd edək ki, Ukrayna daha əvvəl Estoniya ilə də pilotsuz sistemlər sahəsində müdafiə əməkdaşlığı haqqında saziş imzalayıb. Kiyev, həmçinin Niderlandla pilotsuz uçuş aparatlarının birgə hazırlanması və istehsalı barədə razılığa gəlib.