BAKI, 24 avqust. TELEQRAF
ABŞ-də uşaqlar və yeniyetmələr arasında 2-ci tip diabetə yoluxma səviyyəsi 2002-ci ildən bəri 10 dəfə artıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Diabetin Öyrənilməsi Assosiasiyası (EASD) amerikalı alimlərin apardığı araşdırmanın nəticələrinə əsasən məlumat yayıb.
Kolorado Dövlət Universitetinin dosenti Tessa Krum bildirib ki, müəyyən edilən tendensiya xüsusilə narahatedicidir. Onun sözlərinə görə, 2-ci tip diabet uşaqlar və yeniyetmələrdə böyüklərlə müqayisədə daha aqressiv inkişaf edir.
“Xəstəliyin mədəaltı vəzi, böyrəklər, gözlər və digər orqanlarda yaratdığı ilk fəsadlar onilliklər deyil, cəmi bir neçə il ərzində üzə çıxa bilər”, – alim bildirib.
Tədqiqat zamanı 2002-2023-cü illərdə Kolorado ştatında 20 yaşadək şəxslərin sağlamlıq göstəriciləri araşdırılıb. Bu müddətdə uşaqlar, yeniyetmələr və gənclər arasında 8 mindən çox 1-ci tip, təxminən 1,5 min isə 2-ci tip diabet halı qeydə alınıb.
Araşdırma göstərib ki, son iki onillikdə 1-ci tip diabetin yayılma səviyyəsində ciddi dəyişiklik baş verməyib. Bunun əksinə olaraq, 2-ci tip diabet hallarının sayı sürətlə artıb. 2002-2013-cü illərdə xəstəliyin yayılma göstəricisi hər il orta hesabla 2,9 faiz yüksəlibsə, sonrakı onillikdə illik artım 4,7 faizə çatıb.
Tessa Krum vurğulayıb ki, bu tendensiya yalnız Kolorado ştatına xas deyil və ABŞ üzrə ümummilli statistikada da oxşar vəziyyət müşahidə olunur. Əvvəllər əsasən böyüklərin xəstəliyi hesab edilən 2-ci tip diabet uşaqlar arasında da sürətlə yayılaraq 1-ci tip diabetin göstəricilərinə çatmağa və bəzi hallarda onu üstələməyə başlayıb.
Alimlərin fikrincə, mövcud tendensiya ABŞ səhiyyə sisteminin üzərinə ciddi əlavə yük yarada bilər. Tədqiqatçılar uşaqlarda diabetin diaqnostikası və müalicəsi praktikasında əhəmiyyətli dəyişikliklərin aparılmasına ehtiyac olduğunu bildiriblər.