BAKI, 24 avqust. TELEQRAF
Suriya və İsrailin yüksək səviyyəli nümayəndə heyətləri ABŞ-nin vasitəçiliyi ilə İordaniyada danışıqlar aparıblar.
Teleqraf xəbər verir ki, bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA ölkənin Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, avqustun 23-də keçirilən danışıqlarda Suriya nümayəndə heyətinə keçid hökumətinin xarici işlər naziri Əsəd əş-Şeybani rəhbərlik edib.
Tərəflər İsrailin Suriyaya qarşı hücumlarının dayandırılması və gələcəkdə daha geniş razılaşmanın əldə olunması məqsədilə danışıqlar masasına qayıdılması məsələlərini müzakirə ediblər.
Görüşdə Qolan yüksəkliklərinin gələcəyi də gündəmdə olub. Dəməşq İsrail qoşunlarının 2024-cü il dekabrın 8-dək tutduqları mövqelərə geri çəkilməsində israr etdiyini bildirib.
SANA-nın mənbəsinin sözlərinə görə, Suriya nümayəndə heyəti İsrail və Türkiyənin mövqelərini yaxınlaşdırmağa çalışdığını da vurğulayıb. Dəməşq İsraillə Türkiyə arasındakı fikir ayrılıqlarının Suriyanın təhlükəsizliyi və sabitliyinə təsir göstərməsini istəmədiyini bildirib.
Suriya tərəfi, həmçinin suveren dövlət kimi öz ordusunu inkişaf etdirmək və milli maraqlarına uyğun hərbi ittifaqlar qurmaq hüququna malik olduğunu bəyan edib. Dəməşq bu hüququn mübahisələndirilməsinə yönələn istənilən cəhdi qəbuledilməz saydığını vurğulayıb.
Əsəd əş-Şeybani daha əvvəl İsraillə təhlükəsizlik və gərginliyin azaldılması məsələləri üzrə danışıqların yaxın zamanda bərpa ediləcəyini açıqlayıb. O, İsraili Dəməşqlə münasibətlərin normallaşdırılması üçün yaranmış “tarixi fürsətdən” istifadə etməyə çağırıb.
Qeyd edək ki, Suriya və İsrail 2025-ci ilin iyulundan etibarən gərginliyin azaldılması məqsədilə bir neçə raund danışıqlar aparsalar da, tərəflər indiyədək yekun razılaşma əldə edə bilməyiblər.