BAKI, 24 avqust. TELEQRAF
Bayram Məmmədovun anasının ölümündə şübhəli bilinərək həbs edilən qardaşı Elvin Məmmədovun ölüm səbəbi məlum olub.
Teleqraf-ın sorğusuna TƏBİB-dən verilən məlumata görə, avqustun 21-də saat 14:40 radələrində 1992-ci il təvəllüdlü kişi şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşlarının müşayiəti ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Pasiyentə beyin-qan dövranının işemik insult tipli pozulması diaqnozu təyin edilib. Həkimlərin apardığı reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Şəxsin bioloji ölümü avqustun 23-də saat 16:00 radələrində qeydə alınıb.
Xatırladaq ki, Elvin Məmmədov bu ilin may ayında Bakının Sabunçu rayonunda doğma anası, 1963-cü il təvəllüdlü Sevda Məmmədovanı qətlə yetirməkdə şübhəli bilinərək həbs edilmişdi. Onun qardaşı “NİDA” Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov isə 2021-ci ildə İstanbulda vəfat edib.