BAKI, 24 avqust. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Nəbatiyə şəhərinin şərqindəki Əli əl-Tahir yüksəkliklərinə zərbələr endirib. Bu yüksəkliklərdə “Hizbullah” hərəkatının strateji məntəqəsi yerləşir.

Teleqraf xəbər verir ki, bu barədə “Asharq al-Awsat” məlumat yayıb.

Bildirilib ki, İsrail hərbçiləri Livanın cənubundakı bu dağlıq ərazini mühasirəyə almağa çalışırlar. Burada təxminən 100 “Hizbullah” döyüşçüsü var.

İsrail aviasiyasının zərbələri hazırda yüksəkliklərə gedən yollar üzərində yerləşən Əd-Dəhşa və Ət-Təhra təpələrinə, həmçinin yaxınlıqdakı Kfar-Tibnit və Kfar-Rumman kəndlərinə yönəlib. Həmçinin artilleriya ərazini fosfor mərmiləri ilə atəşə tutur, dronlar isə yeraltı sığınacaqların girişlərinə partlayıcı maddələr atır.

Nəşrin məlumatına görə, İsrail komandanlığı Livanın cənubundakı bufer zonadan kənarda hərbi əməliyyat keçirir. İntensiv hərbi əməliyyatlar İsrail qoşunlarının 2000-ci ildə Livanın cənubundan çıxarılmasına qədər nəzarətində saxladığı Əli ət-Tahir yüksəkliklərində strateji mövqeləri ələ keçirməyə hazırlıqdan xəbər verir.