BAKI, 24 avqust. TELEQRAF
Qazaxıstan Xalq Partiyası (QXP) ölkədə keçirilən parlament seçkilərinin ilkin nəticələrini tanıdığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə partiyanın sədri Nursultan Şokanov videomüraciətində bildirib.
Şokanov seçkinin nəticələrini obyektiv hesab etdiklərini və digər siyasi qüvvələrlə konstruktiv əməkdaşlığa hazır olduqlarını deyib.
“Qazaxıstan Xalq Partiyası səsvermənin nəticələrini obyektiv hesab edir və hər bir qazaxıstanlı ailənin rifahı, ölkənin davamlı inkişafı və sabitliyi naminə digər partiyalardan olan həmkarları ilə konstruktiv işləməyə hazırdır”, – partiya sədri bildirib.
Onun sözlərinə görə, ilkin “exit-poll” nəticələrinə əsasən, QXP seçicilərin azı 3 faizinin səsini toplayıb. Şokanov bunun hələ yekun göstərici olmadığını vurğulayıb.
Qazaxıstanda avqustun 23-də yeni birpalatalı parlament – Qurultaya seçkilər keçirilib. 145 deputat yerinə yeddi siyasi partiya mübarizə aparıb. QXP isə ilkin sorğulara əsasən, parlamentə keçmək üçün tələb olunan 5 faizlik baryeri aşa bilməyib
Rəsmi nəticələr Qazaxıstan Mərkəzi Seçki Komissiyası tərəfindən hələ açıqlanmayıb.