BAKI, 24 avqust. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən bu ilin ötən dövrü ərzində suda boğulma təhlükəsi ilə üzləşən 75 nəfər (onlardan 69-u çimərlik mövsümündə) xilas edilib.

Bu barədə FHN-dən Teleqraf-ın sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, xidməti nəzarət edilən çimərlik ərazilərində ölümlə nəticələnən sudabatma hadisəsi qeydə alınmayıb. Lakin xilasetmə zonasından kənarda — nəzarətsiz və qeyri-çimərlik ərazilərində batan 53 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Araşdırmalar zamanı bədbəxt hadisələrin əsasən qeyri-çimərlik ərazilərindən, çay, göl və suvarma kanallarından istifadə olunması, dənizə sərxoş halda və ya küləkli havada girilməsi, uşaqların nəzarətsiz buraxılması səbəbindən baş verdiyi müəyyən olunub.

FHN əhaliyə və valideynlərə müraciət edərək yalnız xilasedicilərin fəaliyyət göstərdiyi çimərliklərdən istifadə etməyi və təhlükəsizlik qaydalarına ciddiləşdirilmiş şəkildə riayət etməyi tövsiyə edib.

Nazirlikdən xatırladılıb ki, hava qaraldıqdan sonra, küləkli günlərdə və ya sərxoş halda suya girmək, çimmə zonasının işarələnmiş sərhədlərini keçmək, uşaqları nəzarətsiz qoymaq və çimərlik ərazisinə kənar texniki vasitələrlə daxil olmaq qadağandır. Çimərliklərdə istirahət üçün təhlükəsiz vaxt intervalı saat 09:00-dan 20:00-dək müəyyən olunub.