BAKI, 24 avqust. TELEQRAF
“İrəvan Avropa İttifaqına (Aİ) üzvlük üçün ərizəsini təqdim etdikdən sonra Avrasiya İqtisadi Birliyi (AİB) daxilində dərin ziddiyyətlərlə üzləşəcək, bu da Ermənistanın özünə zərər verəcək”.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
“Burada nümayəndələrimizin, xüsusən də dövlət başçısının (Vladimir Putin) müzakirə etdiyi çox vacib bir aspekt var. Aİ üzvlüyü üçün ərizə təqdim etdikdən sonra Ermənistan geniş sahələrdə - ticarət, fitosanitar, gömrük və sair qanunvericiliyini Avropa İttifaqının standartlarına uyğunlaşdırmaq prosesinə başlamalı olacaq. Bu standartlar burada və AİB-də qəbul edilmiş standartlarla ziddiyyət təşkil edir. Məhz burada biz ilk növbədə Ermənistanın özünə zərər verəcək dərin ziddiyyətlərlə qarşılaşacağıq”, - o bildirib.
Dmitri Peskov Ermənistana illərdir Aİ-yə qəbul edilməyən Türkiyə və digər ölkələrin təcrübələrini xatırlatmağı tövsiyə edib:
“Ermənistanın Aİ üzvlüyü üçün müraciəti ilə bağlı, mən həmişə Türkiyə və bir sıra digər ölkələrin təcrübəsini xatırlamağı tövsiyə edirəm. Onların müraciətlərinin təqdim edilməsindən on illər keçsə də, hələ də heç nə baş verməyib”.