BAKI, 24 avqust. TELEQRAF
Yaponiya hökuməti hazırda Ukraynaya silah tədarükü imkanını nəzərdən keçirmir.
Teleqraf xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara jurnalistlərə açıqlamasında bildirib.
“Hazırda hökumət Ukraynaya silah verilməsi imkanını nəzərdən keçirmir”, – Kihara deyib.
O, bununla Ukrayna tərəfinin Yaponiyadan, o cümlədən hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünü gözləməsi barədə açıqlamasına münasibət bildirib.
Kihara xatırladıb ki, Tokio indiyədək Ukraynaya Müdafiə Nazirliyi və Özünümüdafiə Qüvvələrinin xətti ilə zirehli jiletlər, avtomobillər və digər avadanlıqlar təqdim edib.
Onun sözlərinə görə, Yaponiya beynəlxalq ictimaiyyətlə əməkdaşlıq çərçivəsində Ukraynanın sosial-iqtisadi dayanıqlığının gücləndirilməsi və ölkənin bərpasına dövlət və özəl sektor səviyyəsində dəstəyi davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Yaponiya hökuməti aprelin 21-də müdafiə təyinatlı məhsulların xaricə ötürülməsini tənzimləyən üç prinsipə yenidən baxılması barədə qərar qəbul edib. Dəyişikliklər Yaponiya istehsalı olan silahların, o cümlədən öldürücü təyinatlı hərbi vasitələrin ixracına tətbiq edilən məhdudiyyətlərin bir hissəsini aradan qaldırıb.
Yeni qaydalara əsasən, döyüş silahlarının yalnız Tokio ilə onların istifadəsi və hərbi texnologiyaların məxfiliyinin qorunması barədə müvafiq razılaşmaları olan ölkələrə tədarük edilməsi nəzərdə tutulur.