BAKI, 24 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkəsinin gələcəkdə xaricdən çip idxalına ehtiyac duymayacağını bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə WABC radiostansiyasına müsahibəsində danışıb.

“Biz çip istehsalını ölkəmizə qaytarırıq. Çiplərimiz yox idi, onları bizdən alıb Tayvana verdilər. İndi isə bütün şirkətlər geri qayıdır. Hazırda, əsasən Arizonada dünyanın ən böyük çip zavodlarını tikirik. Artıq çip idxal etməyə ehtiyacımız olmayacaq”, - ABŞ Prezidenti deyib.

Tramp Vaşinqtonun dərman və tibbi avadanlıqların idxalından asılılığını da azaltmağı planlaşdırdığını bildirib.

Onun sözlərinə görə, “Eli Lilly”, “Pfizer” və “Merck” kimi iri əczaçılıq şirkətləri ABŞ ərazisində yeni istehsal müəssisələri inşa edirlər.

ABŞ lideri bunu administrasiyasının gömrük rüsumları siyasəti ilə əlaqələndirib. Tramp bildirib ki, istehsalı ABŞ-a köçürməyən şirkətlər Almaniya və digər ölkələrdə istehsal etdikləri məhsullara görə yüksək rüsumlarla üzləşəcəklər.

“Buna görə də müəssisələri burada tikirlər”, - Tramp vurğulayıb.