BAKI, 4 iyul. TELEQRAF

Litva Prezidenti Gitanas Nauseda NATO üzvü olan ölkələrin müdafiə xərclərini ÜDM-in 5 faizi səviyyəsinə çatdıra bilməyəcəyi təqdirdə alyansın parçalanma təhlükəsi ilə üzləşə biləcəyini deyib.

Teleqraf xəbər verir ki, onun sözlərini ABŞ-nin "Politico" qəzeti yayıb.

Nauseda bildirib ki, bəzi ölkələrin yaxın illərdə müəyyən edilmiş hədəfə çatması, digərlərinin isə müdafiə xərclərini ÜDM-in 2–2,5 faizi səviyyəsində saxlaması alyans daxilində ciddi fikir ayrılıqlarına səbəb ola bilər.

“Əgər bəzi dövlətlər daha çox irəliləyib bu məqsədə çatsalar, digərləri isə tərəddüd etsələr, bu, təbii olaraq alyansın iki və ya üç hissəyə bölünməsinə gətirib çıxara bilər”, – deyə Litva prezidenti vurğulayıb.

Məlumata görə, NATO liderləri 2025-ci ilin iyununda Niderlandın Haaqa şəhərində keçirilən sammitdə müdafiə xərclərinin 2035-ci ilədək ÜDM-in 5 faizinə çatdırılması barədə razılığa gəliblər.

Razılaşmaya əsasən, bu göstəricinin 3,5 faizi silahlı qüvvələrin təminatı və silahlanmaya, qalan 1,5 faizi isə müdafiə və təhlükəsizliklə bağlı investisiyalara, o cümlədən logistika və hərbi mobilliyin inkişafına yönəldilməlidir.