BAKI, 3 iyul. TELEQRAF
"Avropa Komissiyası İsrailə qarşı sanksiyalarla bağlı çoxsaylı səylər göstərir. Top artıq üzv dövlətlərin meydanındadır".
Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib.
İrlandiyanın Avropa İttifaqına sədrliyinin açılış iclasında çıxış edən Lyayen bildirib ki, Avropanın təhlükəsizlik mühiti getdikcə daha çox təhdidə məruz qalır və üzv dövlətlər müdafiə sahəsində daha böyük məsuliyyət daşımalıdırlar.
O, Ukraynaya 90 milyard avroluq yardım paketindən bəhs edərək bildirib ki, Kiyevə dəstək davam edəcək: "Ukraynaya bu günə qədər 3 milyard avro kredit ödənilib. Hava hücumundan müdafiəyə ayrılan 6 milyard avronun ilk hissəsi Ukraynaya köçürülüb. AB Ukrayna ilə daha davamlı müdafiə sənayesi tərəfdaşlığı qurmaq üzərində işləyir.
Avropa Komissiyasının Prezidenti jurnalistin "Aİ Qəzza zolağında baş verənlərlə bağlı niyə tədbir görmür" sualına belə cavab verib: "Fəaliyyət var, çoxsaylı təşəbbüslər var. Aİ Şurasında İsrailə qarşı yeni tədbirlərlə bağlı hələlik ortaq mövqeyə gəlinməyib. Fələstin xalqına ən çox dəstək verən Aİ-dir. İsrailin işğal olunmuş İordan çayının qərb sahillərində yaşayış məntəqələrini genişləndirməsi tamamilə qəbuledilməzdir və bu məqsədlə edilən zorakılıq dəhşətlidir. Baş verənlər iki dövlətli həll perspektivini zəiflədir. Komissiya 10 ay əvvəl Aİ-İsrail Assosiasiya Sazişi çərçivəsində sənəd imzalayıb. Biz saziş üzrə imtiyazların dayandırılmasını təklif etmişik. Bu, əhəmiyyətli iqtisadi nəticələrə səbəb olacaq bir təklifdir. Lakin təklif hələ üzv dövlətlər tərəfindən qəbul olunmayıb. İsrailə qarşı sanksiyalarla bağlı məsələ üzv dövlətlərin ixtiyarındadır".