BAKI, 28 avqust. TELEQRAF

Türkiyənin Zəfər Günü milli bayramı münasibətilə Bakıda Türk Şəhidliyi abidəsi ziyarət olunub.

Teleqraf xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, səfirliyin əməkdaşları və bir sıra rəsmi şəxslər iştirak edib.

Birol Akgün Türk şəhidliyi abidəsi önünə əklil qoyub. Daha sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan və Türkiyə şəhidlərini dərin ehtiram və rəhmətlə yad edib, onların əziz xatirəsi qarşısında hörmətini ifadə edib: "Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 104 il əvvəl, 30 avqust tarixində qazanılan Böyük Zəfərlə türk torpaqlarının əbədi olaraq Türk dünyasının ayrılmaz parçası olduğu bütün dünyaya nümayiş etdirildi. Qardaş Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsində Türkiyə və Azərbaycan qardaşlığının möhkəmlənməsində hər iki ölkənin böyük payı var.

Sizdən miras qalan və müttəfiqlik səviyyəsinə yüksələn Türkiyə-Azərbaycan qardaşlığını bundan sonra da daha da möhkəmləndirərək davam etdirəcəyik.

Mustafa Kamal Atatürk və silahdaşları başda olmaqla, müstəqillik və millət uğrunda canlarından keçən Türkiyənin və Azərbaycanın bütün şəhidlərini dərin hörmət və minnətdarlıq hissi ilə anırıq".

Qeyd edək ki, 1922-ci ilin 30 avqustunda Dumlupınarda Mustafa Kamal Atatürkün baş komandanlığı altında qazanılan qələbə Türkiyədə Zəfər Bayramı kimi qeyd olunur.