BAKI, 28 avqust. TELEQRAF
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbsinə və onun xələfi Serj Sərkisyana qarşı yeni cinayət işinin açılmasına münasibət bildirib.
Teleqraf xəbər verir ki, o, Rusiya XİN-in erməni xalqının maraqlarından çıxış etdiyini deyib.
Lavrovun sözlərinə görə, ermənilər və rusların maraqları “əsrlər boyu” iç-içə olub:
“Uzun zaman biz həmişə birlikdə, bir-birimizlə həmrəy olmuşuq. Rusiya dəfələrlə çətin vəziyyətlərdə erməni xalqına və Ermənistan rəhbərliyinə yardım edib. Şübhəsiz ki, məhz bu maraqlar üstün olmalıdır. Amma hazırda Ermənistan hakimiyyətinin nümayəndələri başqa məsələləri rəhbər tuturlar. Avropa İttifaqına (Aİ) inteqrasiya məqsədi elan edilib və Ermənistanın üzvlük prosesinin başlanması haqqında qanun qəbul edilib.
Amma Avrasiya İqtisadi Birliyi (AİB) ölkələri Ermənistan rəhbərliyinə müraciət edərək referendum keçirilməsini və Aİ-də olmaq, yoxsa AİB-də qalmaq istəklərini müəyyənləşdirməsini tələb etdikdə, məncə, bu, tamamilə əsaslandırılmış tələbdir. Çünki bu təşkilatların normaları bir-birinə uyğun gəlmir. Bu barədə artıq dəfələrlə deyilib.
Amma Ermənistan Baş naziri Paşinyan bildirib ki, vaxtı gələndə özü qərar verəcək. “Vaxtı gələndə” nə deməkdir? Əgər sən artıq Ermənistanın Avropa İttifaqına üzvlüyünün başlanması haqqında qanun qəbul etmisənsə...
Bu yaxınlarda Paşinyanın referendumdan yalnız Ermənistan Aİ-yə üzvlük üçün müraciət etdikdən, buna cavab aldıqdan və üzvlük üçün yol xəritəsi hazırlandıqdan sonra danışmağın mümkün olacağını dediyi barədə xəbər oxudum. Onun sözlərinə görə, referendum da məhz bundan sonra keçiriləcək.
Məncə, bu, erməni seçicilərinə, erməni xalqına o qədər də böyük etimad göstərilmədiyini göstərir. İnsanlara dürüst seçim təqdim etmək lazımdır: nələr arasında seçim etdiyini göstərmək lazımdır. Son üç il ərzində Ermənistanın mal dövriyyəsi 6 milyard dollardan çox, bir ildə isə 12 milyard dollar olub. Ümumilikdə, Ermənistan AİB-nin hesabına inkişaf edirdi”.