BAKI, 28 avqust. TELEQRAF

Ali məktəblərin boş qalan yerlərinə və 11 illik bazadan kolleclərə qəbul üçün ixtisas seçimi başlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ixtisas seçimi 2 sentyabr saat 23:59-dək aparılır.

"İxtisas seçmək hü­ququ olan abituriyent ali təhsil müəssisə­ləri­nin və orta ix­tisas təhsili müəssisələ­rinin 20-dək ixtisas kodu­nu seçib, onları https://www.e-gov.az/az/services/read/3149/2 inter­net ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Abituriyent (həmçinin subbakalavr) ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub".

Həmçinin bildirilib ki, subbakalavrlar da ixtisas seçimində iştirak etmək üçün avqustun 28-dən sentyabrın 2-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər

"Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları “Abituriyent” jurnalının 7-ci sayından seçə bilərlər.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər (subbakalavrlar) müsabiqəyə buraxılmayacaqlar.

Orta ixtisas təhsili müəssisə­lərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub", - məlumatda vurğulanıb.