BAKI, 28 avqust. TELEQRAF

“Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistanın dəmir yollarının konsessiyasının üçüncü ölkəyə satılması ilə bağlı müraciəti Rusiyada təəccüb və emosiyalar yaradıb”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir qeyd edib ki, Rusiya və Ermənistanın baş nazir müavinləri arasında müntəzəm əlaqələr mövcuddur və İrəvanı maraqlandıran istənilən məsələni, o cümlədən “Cənubi Qafqaz Dəmir Yolları” ilə bağlı vəziyyəti müzakirə etmək mümkündür. Bu şirkət “Rusiya Dəmir Yolları”nın idarəçiliyindədir.

Lavrov bildirib ki, bu məsələnin ortaya atılması Rusiyada təəccüblə qarşılanıb:

“Əgər artıq belə məsələlər yaranıbsa, bu barədə öz həmkarına danış və bu məsələ ilə bağlı necə düşündüyünü izah et. Bunun əvəzinə isə açıq şəkildə bəyan edilir ki, guya bu, ümumiyyətlə onların özünündür və guya biz onlara 2 milyard borcluyuq. İqtisadi təhlilə əsaslanan qiymətləndirmələrdən əlavə, bu, vətəndaşlarımızda müəyyən emosiyalar yaradır. Mən də istisna deyiləm”.

Ermənistanla münasibətlərdə Ukrayna məsələsində edilən “eyni səhvlərə yol verməmək” üçün nə etmək lazım olduğu barədə suala cavab verən Lavrov vurğulayıb ki, Rusiya tərəfindən hər şey edilib: “Bizim bütün mövqelərimiz və Ermənistanın Avrasiya İqtisadi Birliyində iştirakdan əldə etdiyi üstünlüklər, o cümlədən bizdən enerji resurslarını Avropa İttifaqındakı qiymətlərdən 3-4 dəfə ucuz alması ortadadır. Hesab edirəm ki, orada yaxşı iqtisadçılar var”.

Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl bildirib ki, İrəvan Moskvadan ölkənin dəmir yollarının idarə edilməsinə dair konsessiyanın üçüncü ölkəyə satılmasını istəyir. Rusiyanın dəmir yolları ilə bağlı İrəvanın təkliflərini rədd edəcəyi təqdirdə Ermənistanın nə edəcəyi barədə suala Paşinyan bunun mümkün olmadığını bəyan edib.