BAKI, 3 iyul. TELEQRAF

Livan Prezidenti Cozef Aun “Hizbullah” Hərəkatını İsraillə əldə olunmuş çərçivə sazişini pozmaq məqsədilə hökuməti devirməyə cəhd göstərməkdə ittiham edib.

Teleqraf xəbər verir ki, bu barədə prezidentin ofisinin yaydığı açıqlamada bildirilib.

Cozef Aun "Hizbullah"ın küçə etirazlarına çağırışlarını pisləyərək, bu cür hərəkətlərin qanuni hakimiyyətə qarşı yönəldiyini vurğulayıb:

"Qanuni hakimiyyətə qarşı bu cür addımlar qəbuledilməzdir, onlar qırmızı xətləri keçir. Onlar Livan dövlətinin İsraillə çərçivə sazişini İran-ABŞ danışıqlarından ayırmaq qərarını qəbul etmədikləri üçün belə davranırlar", - prezident qeyd edib.

Aunun sözlərinə görə, "Hizbullah" İranın göstərişi ilə hərəkət edir:

"Onlar Vaşinqtonda imzalanmış sənədin mahiyyətini qəsdən təhrif edir. Çərçivə sazişi İsrailin işğalını qanuniləşdirmir, əksinə Livan ordusunun ölkə ərazisində nəzarət imkanlarını genişləndirir".