BAKI, 3 iyul. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəyə hansı qəhrəmanların hörmətlə anılacağını heç kimin diktə edə bilməyəcəyi barədə bəyanatı Polşada narazılıqla qarşılanıb.

Teleqraf xəbər verir ki, bu barədə İsveçrənin "Neue Zürcher Zeitung" (NZZ) qəzeti yazıb.

Nəşrin məlumatına görə, Zelenski çıxışı zamanı konkret ölkə və ya şəxslərin adını çəkməsə də, Polşa siyasətçiləri bəyanatı özlərinə ünvanlanmış mesaj kimi qiymətləndiriblər.

Məqalədə qeyd olunur ki, son bir ay ərzində Polşa ilə Ukrayna arasında ortaq tarixin şərhi ilə bağlı fikir ayrılıqları daha da dərinləşib.

Qeyd edilib ki, bu mübahisə təkcə iki ölkənin siyasi rəhbərliyi arasında münasibətlərə deyil, həm də Polşa-Ukrayna hərbi əməkdaşlığına və Ukraynanın Avropa İttifaqına üzvlük perspektivlərinə mənfi təsir göstərə bilər.

Qeyd edək ki, iki ölkə arasındakı böhranın əsas səbəbi Volodimir Zelenskinin "Şimal" Xüsusi Əməliyyat Mərkəzinə "UÜO Qəhrəmanları" fəxri adının verilməsi ilə bağlı fərmanı olub. Ukrayna Üsyançı Ordusu (UÜO) İkinci Dünya müharibəsi dövründə Kiyevin gizli hərbi təşkilatı, Ukrayna Millətçiləri Təşkilatının silahlı bir qolu, qeyri-kommunist müqavimət hərəkatının ən əhəmiyyətli qüvvəsi idi.

Zelenskinin fərmanı rəsmi Varşavada narazılıq yaradıb.