BAKI, 3 iyul. TELEQRAF
Venesuelada iyunun 24-də baş vermiş güclü zəlzələlərdən sonra xilasetmə əməliyyatları davam etdirilir.
Teleqraf xəbər verir ki, bu barədə Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodrigez Karakasda keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, dağıntılar altında hələ də sağ qalan insanların olması ehtimalı var və buna görə də axtarış-xilasetmə işləri dayandırılmayacaq.
“Xilasetmə mərhələsi davam etdiriləcək. Dağıntılar altında hələ də sağ qalan insanlar ola bilər və biz yaralılara kömək etməliyik”, - Rodrigez bildirib.
O əlavə edib ki, həlak olan şəxslərin meyitlərinin tapılması da vacibdir ki, yaxınları onları layiqincə dəfn edə bilsinlər.
Rəsminin sözlərinə görə, son günlər ərzində ümumilikdə 6 462 nəfər xilas edilib.
Delsi Rodrigez həmçinin Venesuelaya yardım göstərən bütün ölkələrə təşəkkür edib. O qeyd edib ki, hətta Karakasın diplomatik münasibətlərinin olmadığı dövlətlərin də göstərdiyi yardım gələcək əməkdaşlıq üçün yeni imkanlar yarada bilər.
Xatırladaq ki, iyunun 24-də Venesuelada 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri Yarakuy ştatında bir-birindən təxminən 10 kilometr məsafədə yerləşib.
Son məlumatlara görə, təbii fəlakət nəticəsində 2 295 nəfər həyatını itirib.