BAKI, 28 avqust. TELEQRAF
“Dünyanın böyük ölkələri artıq bir-birinə etibar etmir, BMT Təhlükəsizlik Şurası isə sülhün təmin edilməsi üzrə missiyasını artıq dayandırıb”.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
“Dünyada baş verən görünməmiş hadisələr dağıdıcı, sistemsiz, xaotik və çətin proqnozlaşdırılan xarakter daşıyır. Bu kataklizmlər praktiki olaraq bütün ölkələri və xalqları öz təsir dairəsinə çəkir. Dövlətlər, xüsusilə də böyük ölkələr artıq bir-birinə etibar etmirlər. Bu isə BMT və onun institutlarının fəaliyyətinə ciddi mənfi təsir göstərir. BMT Təhlükəsizlik Şurası qlobal və regional sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı üzərinə qoyulmuş missiyanı dayandırıb”, - Tokayev Astanada Qazaxıstanın yeni birpalatalı parlamentinin (Qurultay) ilk sessiyasının açılışında bildirib.
Prezident qeyd edib ki, bu əlverişsiz fonda regional beynəlxalq təşkilatlar ön plana çıxmağa başlayıb və onların rolu nəzərəçarpacaq dərəcədə artıb:
“Dünya arenasında adətən “orta güclər” adlandırılan dövlətlər daha çox görünməyə başlayıblar. Qazaxıstan da bu ölkələr kateqoriyasına daxildir”.
Tokayevin sözlərinə görə, hazırda süni intellekt sürətlə inkişaf edir və artıq yaxın gələcəkdə nüvə silahlarının süni intellekt alətləri ilə əvəzlənəcəyi barədə proqnoz səsləndirilir. O hesab edir ki, bu, dünyanın inkişafında qanunauyğunluq və məntiqin olmamasını və bunun gələcək nəsillər üçün son dərəcə ağır nəticələrə səbəb ola biləcəyini təsdiqləyir.