BAKI, 3 iyul. TELEQRAF

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus nüvə sualtı qayığında baş verən insident nəticəsində azı 64 hərbçi zəhərlənib.

Teleqraf xəbər verir ki, bu barədə “Navy Times” nəşri məlumat yayıb.

Məlumata görə, hadisə iyunun 22-də ABŞ Hərbi Dəniz Qüvvələrinin Kitsap-Banqor Hərbi Dəniz Bazası ərazisində baş verib.

Bildirilir ki, ekipaj USS Nebraska sualtı qayığında texniki işlər aparılan zaman ehtiyat dizel generatorunu işə salıb. Həmin vaxt generatorun yaxınlığında olan hərbçilər işlənmiş qazlardan zəhərləniblər.

Zərərçəkənlərdə öskürək, baş ağrısı, başgicəllənmə, ürəkbulanma və halsızlıq kimi əlamətlər müşahidə olunub.

Altı dənizçi əlavə tibbi müayinə üçün xəstəxanaya yerləşdirilsə də, sonradan onların hamısı evə buraxılıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin açıqlamasında bildirilib ki, hadisənin dəqiq səbəbləri araşdırılır və oxşar halların təkrarlanmaması üçün müvafiq tədbirlər görüləcək.

Qeyd olunub ki, insident nüvə reaktoruna təsir göstərməyib və onun fəaliyyəti normal şəkildə davam edir.