BAKI, 3 iyul. TELEQRAF

ABŞ administrasiyası İsrailin İranın yüksəkvəzifəli nümayəndələrinə qarşı sui-qəsd hazırladığı ehtimalını nəzərdən keçirib.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin iddiasına görə, Vaşinqton İranla danışıqların ilkin mərhələsində İsrailin hədəfləri arasında İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın da olduğunu müəyyən edib və Təl-Əvivdən ona qarşı mümkün sui-qəsd cəhdlərindən çəkinməyi xahiş edib.

Məlumatda qeyd olunur ki, ABŞ və İsrailin İranla bağlı məqsədləri arasında fikir ayrılıqları məhz bu məqamda daha aydın şəkildə üzə çıxıb.

“The New York Times” yazır ki, İran nümayəndə heyəti ABŞ ilə Pakistanın paytaxtı İslamabadda keçirilən danışıqlar öncəsi Vaşinqtondan İsrailin gizli əməliyyatlar həyata keçirməyəcəyinə dair təminat istəyib.

Nəşrin məlumatına görə, danışıqlardan sonra İrandan olan təhlükəsizlik qurumları İsrailin parlament sədri Məhəmməd Baqir Qalibafın olduğu təyyarəyə hücum etməyi planlaşdırdığı barədə məlumat əldə edib. İddiaya əsasən, bu məqsədlə iki İsrail qırıcısı İraq istiqamətindən İranın hava məkanına daxil olub.

Bunun ardından Qalibafın olduğu təyyarə ən yaxın hava limanına eniş edib və İran nümayəndə heyəti Tehrana səfərini quru yolla davam etdirib.

Məqalədə həmçinin qeyd olunur ki, İsrailin hədəfləri sırasında İranın xarici işlər naziri Abbas Əraqçinin də olduğu ehtimal edilir.