BAKI, 3 iyul. TELEQRAF
Monakoda ukraynalı əsilli iş adamı Vadim Yermolayevin yaralandığı partlayış hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
Teleqraf xəbər verir ki, Fransanın “Le Figaro” nəşri mənbələrə istinadən partlayışı Almaniyada yaşayan 30 yaşlı Ukrayna vətəndaşının törətmiş ola biləcəyini yazıb.
Məlumata görə, partlayışdan sonra qadın Fransanın cənubundakı Primorsk Alpları departamentində yerləşən Bozoley kommunasına gedib, daha sonra isə qonşu ölkələrdən birinə keçərək gizlənib. “France Info” radiosunun iddiasına görə, söhbət İtaliyadan gedir.
Bundan əvvəl BFMTV telekanalı partlayışın təşkilində şübhəli bilinən şəxsin Avropa ölkələrindən birində olduğunu bildirmişdi.
Hadisə iyunun 29-da Monakoda yaşayış binasının girişində baş verib. BFMTV-nin məlumatına görə, yaralanan üç nəfərdən biri Kipr vətəndaşı olan iş adamı Vadim Yermolayevdir. O, müxtəlif illərdə Ukraynanın ən varlı biznesmenləri siyahısında yer alıb.
Mətbuatda yayılan məlumatlarda Yermolayevin Ukraynada fəaliyyət göstərən dələduzluq məqsədli çağrı mərkəzləri şəbəkəsinə sahib olduğu iddia edilir. O, 2019-cu ildə Ukrayna vətəndaşlığından imtina edib. 2023-cü ildə isə Kiyev hakimiyyəti ona qarşı sanksiyalar tətbiq edib.
Monako Prokurorluğu faktla bağlı “qəsdən adam öldürməyə cəhd” maddəsi üzrə araşdırma aparır. “Le Figaro” nəşrinin məlumatına görə, istintaq hadisənin arxasında Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) dayanması ehtimalını da araşdırır.