BAKI, 2 iyul. TELEQRAF
ABŞ İrana dondurulmuş aktivləri üzərindən həbsin götürülməsi müqabilində Hörmüz boğazından keçən gəmilər üçün rüsum almaq planlarından imtina etməyi təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkof və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner bu həftə Dohaya səfər ediblər və orada Qətər vasitəçiləri ilə danışıqlarda yaranmış vəziyyətdən çıxış yollarını müzakirə ediblər. Qəzetin qeyd etdiyi kimi, Vaşinqton Tehranın boğaza nəzarət etmək iddiasından və xaricdə dondurulmuş təxminən 100 milyard dollarlıq İran vəsaitlərinin bir hissəsinə çıxış müqabilində gəmilərdən rüsum almaq ideyasından imtina etməsini təklif edib.
“The Wall Street Journal” qəzetinin məlumatına görə, İran təklifi rədd edib və Hörmüz boğazına nəzarət etmək hüququnda israr etməyə davam edib. İran ordusu Tehranın təsdiq edilmiş marşrutlarından kənara çıxan gəmilərə qarşı sərt tədbirlər görəcəyi ilə hədələyib.