BAKI, 2 iyul. TELEQRAF

ABŞ Qərbi Asiyada həqiqi sülh və təhlükəsizliyə heç vaxt məhəl qoymayıb. Vaşinqtonun təşəbbüsləri onun sabitliyi pozan siyasətini ört-basdır etmək məqsədi daşıyır.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi və ABŞ ilə danışıqlarda məsul şəxs İsmayıl Bekayi bildirib.

Bekayi "X" sosial şəbəkə hesabındakı açıqlamasında bildirib: "ABŞ-nin bölgədə keçirdiyi görüşlər simvolik jestlərdən başqa bir şey deyil.

Bu görüşlər Vaşinqtonun Qərbi Asiyada beynəlxalq hüququ pozan qeyri-sabitlik yaradan siyasətini və hərəkətlərini ört-basdır etmək məqsədi daşıyır. Regiondakı ölkələr ABŞ və İsrailin sülh və təhlükəsizliyi hədəf alan son hücumlarından və zərərli hərəkətlərindən lazımi dərsləri çıxarmalı və oxşar hadisələrə qarşı ayıq-sayıq olmalıdırlar".

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 1-də Bəhreyndə çoxsaylı regional ölkələrin iştirakı ilə yüksək səviyyəli hərbi görüş keçirib.