BAKI, 2 iyul. TELEQRAF

Taylandda tapılan qalıqların 80 il əvvəl yoxa çıxan amerikalı pilota məxsus olduğu müəyyən edilib.

Teleqraf xəbər verir ki, İkinci Dünya Müharibəsində Tayland və Birma üzərində kəşfiyyat missiyası həyata keçirərkən itkin düşən 21 yaşlı amerikalı pilotun qalıqları tapılıb.

Baş leytenant Franklin Makkinni 14-cü Hərbi Hava Qüvvələrinin "Qırmızı Şahinlər" kimi tanınan 35-ci Fotoqrafik Kəşfiyyat Eskadrilyasında pilot kimi xidmət edib. 5 noyabr 1944-cü ildə o, Çinin Yunnan şəhərindəki bir bazadan Birma və Tayland üzərində hava kəşfiyyatı missiyası üçün havaya qalxıb. Uçuşdan sonra onun F5E-2-LO Lightning təyyarəsi ilə əlaqə kəsilib və o, bazaya qayıtmayıb. Qəza yeri heç vaxt tapılmayıb və pilot rəsmi olaraq itkin elan edilib. Onun adı Filippindəki Manila Amerika Qəbiristanlığında İtkin Düşənlər Divarında əbədiləşdirilibr.

Onilliklər sonra axtarış yeni məlumatlar əsasında bərpa edilib. Tayland Hərbi Hava Qüvvələri Muzeyinin arxivindəki hesabata görə, Makkinninin təyyarəsini ildırım vurub və o Lampang əyalətinin meşəlik ərazisinə düşüb. 2018-ci ildə tədqiqatçılar iddia edilən qəza yerində düyü tarlalarının olduğunu aşkar ediblər. 2019 və 2021-ci illərdə ABŞ Hərbi Əsirlərin və İtkin Düşmüş Şəxslərin Qeydiyyatı Agentliyinin mütəxəssisləri hadisə yerində araşdırma aparıblar.

2022-ci ildə ərazidə qazıntılar aparılıb və insan qalıqları aşkar edilib. Qalıqlar laboratoriyaya göndərilib və burada müasir məhkəmə-tibbi metodlardan istifadə etməklə sümüklərin MakKinniyə məxsus olduğu təsdiqlənib.

Pilotun qalıqları protokola uyğun olaraq dəfn olunacaq.